Əsas məzmuna keç

Qəzəl

Öldürür

Zəlimxan Yaqub

4
Bu şeir Ağdaş rayonunda, böyük şairimiz Maqsud Şeyxzadənin anadan olmasının 85 illik məclisində xanəndə Ağaxan Abdullayevin ilahi dərəcədə gözəl çıxışından sonra yazılmışdır

Ellər, məni ürəyimdən axıb gedən qan öldürür, Muğam adlı bir sehrkar, səs adlı bir can öldürür.

Nə dünənin həsrətində, nə sabahın eşqindəyəm, Məni bu gün yaşadığım müqəddəs bir an öldürür.

Atəş kimi qarsaladı “Segah”ın fəryadı məni, Bu atəşdən yayınmağa yoxdu bir imkan, öldürür.

Bu nə səsdi, bəlkə, bu gün Həzrəti-Davud dirilib, Heyranların heyranıyam, məni bu heyran öldürür.

Allah belə ölümləri duyanlara çox görməsin, “Şüştər” bu gün verib yenə qətlimə fərman, öldürür.

Məni sevən dostuma bax, çevrilib cəlladım olub, Vallah, Zəlimxan ölməzdi, onu Ağaxan öldürür.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.