Oldu sünbüllər xəcil zülfi-pərişanın görüb
Oldu sünbüllər xəcil zülfi-pərişanın görüb, Qönçələr qan oldular ləli-dürəfşanın görüb.
Yusifə zindan təmənna oldu mehrindən sənin, Aləmi-zərratdə çahi-zənəxdanın görüb.
Bağban hər gündə bir sərvin qopardır bağdən, Ta kim, ey ruhi-rəvan, sərvi-xuramanın görüb.
Guylərtək əşki-gülgunum olur hər yan rəvan, Əldə çövkan, ərsədə Rəxş üzrə cövlanın görüb.
Qoy ölüm, axır nəfəsdir, gəlmə nəşim üstə, ta Qeyrlər mərg etməsin xahiş, bu ehsanın görüb.
Zəxminə mərhəm təsəvvür etdi tiri-Rüstəmi, Əşkəbus, ey qaşı yay, sinəmdə peykanın görüb.
Qönçətək yüz pirəhən çak etdi, ey gül, rəşkdən Seyyidi-xunincigər çaki-giribanın görüb.