Ol üzü xurşid kim aşiqlərin cananıdır
Ol üzü xurşid kim aşiqlərin cananıdır, Gün təki rövşəndi kim, bu xəstə cismin canıdır.
Zülməti-zülfində, pinhan, ləlinə meyl etdi dil, Ol dəhani-təng Xızrın çeşmeyi-heyvanıdır.
Sirrimi aləm bilir, ey dil, nə pinhan eyləyim, Aşkarə dil alan ol xəndeyi-pinhanıdır.
Ey təbib, əl çək əlacımdan, mənə etmə əlac, Xaki-kuyi-dust kur olmuş gözüm dərmanıdır.
Nami-məşuqi nə hacət zahir etmək, ey könül, El bilir, aləm bilir gülrüxlərin sultanıdır.
Sinədə peykanuva qıldım cigər qanın qida, Canə minnətdir ki, bu cananımın mehmanıdır.
Namə gəldi yardən, istər cəsəddən canımı, Böylə sandım ki, həqin gögdən gələn fərmanıdır.
Olma yarın, Seyyida, cövrü cəfasından məlul, Aşiqə cövrü cəfası dilbərin ehsanıdır.