Əsas məzmuna keç

Qəzəl

Ol pəri peykər ki, çeşmimdən nihan olmuşdurur

Şah İsmayıl Xətai

1

Ol pəri peykər ki, çeşmimdən nihan olmuşdurur, Baqi ömrüm olsun ol, cismimdə can olmuşdurur.

Yarəb, ol gözlər nə bağın nərgisi-şəhlasıdır? Kim, qəmindən cismü canım natəvan olmuşdurur.

Eylə kim, bülbül yeri gülşəndir, ey gül yüzlü yar, Könlümə kuyin məqami gülsitan olmuşdurur.

Anca çəkdim möhnəti-hicrin qəmin, ey bivəfa, Cövri-eşqindən vücudim natəvan olmuşdurur.

Ta Xətayi gördü ol hüsnü cəmalın, ey günəş, Gör necə aləm dilində dastan olmuşdurur.

Lüğət: Nihan – gizli; Natəvan – gücsüz; Hicr – ayrılıq; Cövr – zülm; Hüsn – gözəllik

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.