Əsas məzmuna keç

Qəzəl

Ol lalərüxün işvəvü nazı çox imiş, çox

Seyid Əzim Şirvani

1

Ol lalərüxün işvəvü nazı çox imiş, çox, Üşşaqə onun suzü güdazı çox imiş, çox.

Mehrabi-dü əbrudə könül xeyli zamandır Qalmış, bilirəm, razü niyazı çox imiş, çox.

Bir Kəbə degilmiş bu Səfa əhlinə qiblə, Məhbubi-həqin mülki-Hicazı çox imiş, çox.

Müddətdi ki, qıllam qədəmin daşına səcdə, Eşqin bu məqam içrə nəmazı çox imiş, çox.

Mən az bilirdim mənə ənamını yarın, Bu cövrü cəfanın, dəxi, azı çox imiş, çox.

Bu səltənəti-eşqdə Məhmud tapılmaz, Hər guşədə afaqın Əyazı çox imiş, çox.

Yox dəhrdə bir kəs ki, ola arifi-həqbin, Seyyid, aradım eşqi-məcazi çox imiş, çox.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.