Ol iki zülfdə rüxsareyi-canan görünür
Ol iki zülfdə rüxsareyi-canan görünür, Genə xurşid bu gün daxili-Mizan görünür.
Düşməyən eşqə nə bilsin ki, nədir müşkülümüz, Ari, qəm çəkməyənə qəm yükü asan görünür.
Sənsiz, ey gül, gözümə mövsimi-hicranında Gər gülüstanə baxam xari-müğilan görünür.
Dəhənin bir səri-mudur, buna söz yox, amma Bir müəmmadı ki, yüz nükteyi-pinhan görünür.
Görünür zülfün arasında məhi-rüxsarın, Şükr-lilləh ki, genə küfrdə iyman görünür.
Necə mən badə içim ləli-ləbindən ayrı, Sənsiz, ey gül, meyi-gülgun gözümə qan görünür.
Dövri-rüxsarüvi tutmuş genə ol zülfi-siyah, Əcəba, bir mələkə yar iki şeytan görünür.
Dəhənin sirrini sordum – dedi, yoxdan nə deyim, Seyyidin nöqtəcə yox əqli, nə nadan görünür.