O müjgani-siyəhnovkin xədəngi-yarə bənzətdim
O müjgani-siyəhnovkin xədəngi-yarə bənzətdim, Xətadır, çeşmi-məstin ahuyi-tatara bənzətdim.
Gözün mərdümləri sərməst olub, tökmək dilər qanım, Düzübdür hər tərəf peykan, əcəb xunxarə bənzətdim.
Çəkilmiş güşəyə bülbül, fəğanü nalələr eylər, Düşən gül üstə damə əndəlibi-zarə bənzətdim.
Tutub gəc gərdənin hər ləhzə olmuş məhvi-nəzzarə, Xəyali-yar ilə heyran baxan naçarə bənzətdim.
Görüb tərfi-binaguşündə çin-çin zülfi-müşkini, O gənci şayigan üstə yatan şahmarə bənzətdim.
Deyirdim kim, nədəndir Qeys olub divaneyi-aləm? Cünun sərriştəsin ol türreyi-tərrarə bənzətdim.
Cəfayi-dəhridə gördüm edərdi şikvə bir müztər, Səsindən Natəvani-bidilü əfkarə bənzətdim.
Lüğət: Xədəng – ox; Əndəlib – bülbül; Gərdən – boyun; Nəzzarə – baxış; Müşkin – iyli, ətirli; Gənc – xəzinə Gənci-şaykan — böyük xəzinə; Tərrarə – aldadıcı, dələduz, kələkbaz; Şikvə – şikayət, giley; Müztər – çarəsiz, yazıq N; Natəvan – qüvvəsiz, halsız, köməksiz