O gün olsun ki, genə məclisə dilbər gəlsin
O gün olsun ki, genə məclisə dilbər gəlsin Çıxıban bürcdən ol mahi-münəvvər gəlsin.
Genə saqilər ələ badeyi-gülgun alsın, Bəzmə mina düzülüb, gərdişə sağər gəlsin.
Bəzmi-işrətdə əgər yar ola, bir haləti var, Məst olub rəqs eləsin, haləti-digər gəlsin.
Nuşbada! – Ləb açıb badəni şirin etsin, Təlx mey zaiqeyi-canıma şəkkər gəlsin.
Səhldir kim, edəsən qanımı su kimi rəvan, Tək sənin qaşlaruvun tiğinə cövhər gəlsin.
Ey məni ol məhi-xurşidliqadən ayıran, Görüm aləmdə günün şamə bərabər gəlsin.
Gərçi hicranda, könül, bəd keçinir əhvalın, Şükr qıl, olmaya bundan dəxi bədtər, gəlsin.
Tövbə etdin meyi-gülfamdən, ey Seyyidi-zar, Hələ səbr eylə ki, fəsli-güli-əhmər gəlsin.