Əsas məzmuna keç

Qəzəl

Nurini mah mehri-rüxündən alır müdam

Məhəmməd Füzuli

1

Nurini mah mehri-rüxündən alır müdam, Inkar edərsə, şəhr güvahımdurur təmam.

Mehrab imiş qaşın ki, ona qarşu kirpigin Səf-səf gəlir qiyamə qılıb qəmzəni imam.

Ol hur və’dəsinə behişti-vüsal üçün, Qur’anca e’tibar edübəm, hasili-kəlam.

Əksi-rüxün oğurladığçün dönə-dönə, Asıldı güzgü şəhrdə, eldən sürüldü cam.

Dəşt üzrə girdbadmı, ya gəldigim görüb, Məcnun qubarıdır ki, durub eylər ehtiram.

Durğurma, yolların yügürüb tutma, ey sirişk, Ol sərv edəndə naz ilə bizdən yana xüram.

Həmsöhbət oldu daneyi-əngür zahidə, Əsli budur ki, oxudular badəni həram.

Meyxanədir cahanda, Füzuli, məqami-əmn, Cəhd et bir ev hübab kimi, onda tut müdam.

Lüğət: Hur – huri, pəri, gözəllər; Sirişk – göz yaşı; Əmn – rahatlıq, əmniyyət; Hübab – suyun üzərində əmələ gələn qabarcıq, köpük

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.