Növcəvan ol pir ikən dövran ki, canan dövridir
Növcəvan ol pir ikən dövran ki, canan dövridir, Şad ol, ey xəstə könül kim, dərdə dərman dövridir.
Zülməti-hicranə söylən hökmini tərk eyləsün, Bir günəş doğdu arayə, mahi-taban dövridir.
Lal oturma, söylə, ey can mürği, gəldi növbəhar, Getdi qış vəqti aradən, uş gülüstan dövridir.
Aşiqə mehr etdi dilbər, qalmadı cövri-rəqib, Küfr aralıqdan arındı, şimdi iman dövridir.
Ömr içün qəm çəkmə, ey dil, nuş qıl maül-həyat, Dilbərin şirin ləbindən abi-heyvan dövridir.
Naümid olma cəhanda, ey gədayi-binəva, Dərgəhi-sultanə gəl kim, lütfü ehsan dövridir.
Möhnəti-dünyadən, ey dil, fariğ ol, sürgil murad, Xürrəm ol, qəm çəkməgil kim, zilli-sübhan dövridir.
Gəzməgil aləmdə sərgərdan, könül, pərvanə tək, Xoş münəvvərdir cəhan, şə’mi-şəbistan dövridir.
Dudi-ahindir, Xətayi, gögdə bulutlar sənin, Durmayıb tök göz yaşın kim, əbrü baran dövridir.
Lüğət: Pir – qoca; Taban – parlaq; Mürği – hərim – məhrəm quşu; Mehr – günəş; Cövr – zülm; Küfr – inamsızlıq, kafirlik; Dil – ürək; Abi – həyat – dirilik suyu; Xürrəm – şad; Zilli – sübhan – Allah kölgəsi; Sübhan – Allah; Sərgərdan – avara, sərsəri; Münəvvər – işıqlı; Şəbistan – yataq otağı, hərəmxana; Baran – yağış