Nolaydı bəzmimə ol gülüzar bir də gələ
Nolaydı bəzmimə ol gülüzar bir də gələ, Şükufələr açılıb, novbahar bir də gələ.
İyadət etdi, məni-nimcan şəfa tapdı, Nola iyadətimə ol nigar bir də gələ.
Xədəngü tiğü sinanü kəmənd ilə ol şux, Əlində qətlim üçün hər çəhar bir də gələ.
İçə şərabı o ruhi-rəvan, ola məxmur, O məst gözlərə tazə xumar bir də gələ.
Nola bahar gəlib açılaydı bağdə gül, Bu bağə bülbüli-biixtiyar bir də gələ.
Nihani qəmzələri canım aşikar aldı, Nolur o gənci-nihan aşikar bir də gələ.
Sirişki-çeşm töküb ağla yar üçün, Seyyid, Bu arxa su gəlib, ümmid var bir də gələ.