Əsas məzmuna keç

Qəzəl

Nola zahid bilsə küfri-zülfün iman olduğun

Məhəmməd Füzuli

1

Nola zahid bilsə küfri-zülfün iman olduğun, Şimdi görmüşlərmidir kafir müsəlman olduğun.

Mən əgər aşiq olub, din verməsəydim qarətə, Kim bilirdi eşq mülkün kafiristan olduğun.

Qıl səvab, ey göz, töküb qan, vaqif et qafilləri, Meyl edənlər eşqə bilsinlər cigər qan olduğun.

Daşə bənzər qanlı hər pərkalə kim, gözdən çıxar, Ondan etdim fəhm, könlüm şəhri viran olduğun.

Və’deyi-vəslinə ol gündən ki, verdim könlümü, Mən onun bilməzmidim axir pəşiman olduğun.

Eşqini asan görüb oldum əsiri tifl ikən, Bilmədim gəldikcə bir aşubi-dövran olduğun.

Ey Füzuli, xublar vəslinə eylərsən həvəs, Guiya, bilməzsən ol vəsl içrə hicran olduğun.

Lüğət: Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam; Pərkalə – parça-parça; Aşub – fitnə; qarışıqlığa səbəb olan, həyəcan

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.