Əsas məzmuna keç

Qəzəl

Nola dil bilməsə rəmzi-rüxi-cananı dürüst

Seyid Əzim Şirvani

1

Nola dil bilməsə rəmzi-rüxi-cananı dürüst, Kimdir ol kəs ki, bilə məniyi-Quranı dürüst.

Sünbüli-zülfün o gül etsə şikəstə üzünə, Qalmaz əhli-vərəin din ilə iymanı dürüst.

Bülbül övsafi-rüxün qıldı məgər gülşəndə, Qalmadı bağdə bir qönçə giribanı dürüst.

Qönçənin könlü bütün, leyk yox əhdində vəfa, Bülbülün qəlbi sınıq, etdigi əlhanı dürüst.

Dura bilməz üzüvə mah müqabil bir gün, Ayda yüz dəfə əgər kim, ola nöqsanı dürüst.

Bir gecə hüsnüvə oxşatdı özün Ay, odu kim, Elə bir yanı şikəstə olu, bir yanı dürüst.

Demə, Seyyid, ki şikəst eylədi peymanını yar, Hiç bir yar olurmu ola peymanı dürüst?!

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.