Niqabı üzündən götürdü qəmər
Niqabı üzündən götürdü qəmər, Utandı ləbindən nabatü şəkər.
Təbarəktə, ey həq sifətli nigar, Təaleytə, ey həq sifətli bəşər.
Saçın şərhini eylərəm hər gecə, Üzün vəsfini söylərəm hər səhər.
Əsir olmayan hüsnünə adəmi, Həcərdir, həcərdir, həcərdir, həcər.
Gəl, ey tacir, uş Yusifi satın al Ki, kanında qiymətsiz olur göhər.
Qılından belin incə gördüm tamam, Vəli incədən incədir bu xəbər.
Boyun ənbətəllah, zəhi e’tidal, Gözün eynəkəllah, zəhi xoş nəzər.
Sözün abi-heyvandır, ağzın rəhiq, Bu vəsfi-əzim, eylərəm müxtəsər.
Gəl, ey sidrətül-müntəha kim, boyun Mübarək şəcərdir, mübarək şəcər.
Çü ə’lavü əsfəldə gördüm səni, Nə qəm, gər cahan olsa zirü zəbər.
Həqqi gör, həqqi bil, həqqi tanı kim Ki, həqdən doludur yedi bəhrü bər.
Zühur eylədi cümlə əşyada həq, Qanı bir bəsirətli, açıqnəzər.
Nəsimi kimi vahid ol yarilən, Ikilik sifətdən ikilik bitər.
Lüğət: Qəmər – Ay; Həcər – Daş; Zəhi – Afərin; Rəhiq – Təmiz şərab; Şəcər – Ağac; Bəhr – Dəniz