Nihali-dərddir Məcnun, yer etmiş sayəsin ahu
Nihali-dərddir Məcnun, yer etmiş sayəsin ahu, Başında quş qanadı bərg, əyağində səlasil su.
Mənə zali-fələk çəkdirdi ol muyi-miyan cövrün, Görün bir tari-muyi necə əjdər etmiş ol cadu.
Olur meyli-dil əfzun asitanın daşına hər dəm, Əgərçi rəsmdir yasdıqdan ikrah eyləmək sayru.
Tərəhhüm qıl bükülmüş qəddimə, vəhm eylə ahimdən, Saqın çıxmayə nagəh yaydən ol ox, ey kəmanəbru.
Nədir, – dedim, rüxi-safində əksi-mərdümi-çeşmim? Dedi: gəlmiş gəmilə Rumə, dərya qət’ edib, hindu.
Qaşın yayı fərağindən xədəngin kimi incəldim, Necə bir çəkdirər eşqin mənə zülmün, nə gücdür bu?
Füzuli, ayrı düşdün yardən, səbr etməyə yer yox Düşüb səhrayə əfğan edəlim sən ayru, mən ayru.
Lüğət: Nihal – təzə, boyu düz ağac; Bərg – yarpaq; Səlasil – silsilələr, zəncirlər; Tərəhhüm – rəhm etmək; Mərdüm – göz giləsi; xalq, camaat; Xədəng – ox