Nəğməsaz olmaz çəməndə əndəlib, eşq olmasa
Nəğməsaz olmaz çəməndə əndəlib, eşq olmasa, Qönçə gülməz, güllər olmaz dilfirib, eşq olmasa.
Nagözəllərdən seçilməz şux gözəl məhparələr, Kim bilər məhbub kimdir, ya həbib, eşq olmasa.
Aşiqü məşuqəlikdən şad olmaz bir könül, Qürbəti-firqətdə qəm çəkməz qərib, eşq olmasa.
Eşqdir, yarın ləbi-ləlin öpər, tər qönçə tək, Kim zənəxdanın deyər vəsfində sib, eşq olmasa.
Eşqdir, heyran edər insanı şəhla gözlərə, Hüsni-zibadə görünməz hüsni-zib, eşq olmasa.
Vəsləti-dilbər gözəl, hicranı ondan da gözəl, Boş qalar əl bu gözəllikdən ədib, eşq olmasa.
Dərdimə dərman üçün səy etmə, sihhət tapmaram, Səndə ey hikmətli, şöhrətli təbib, eşq olmasa.
Əqlü idrak ilə ad almaqdadır hər kəs, vəli Bilmə insanlıqdan heç kimdə nəsib, eşq olmasa.
Məclisi-sülhə, Şəfai, hər yetən qoymaz qədəm, Ta nəcabətli olub, onda nəcib, eşq olmasa.