Neçə illərdir səri-kuyi-məlamət bəkləriz
Neçə illərdir səri-kuyi-məlamət bəkləriz, Ləşkəri-sultani-irfaniz, vilayət bəkləriz.
Sakini-xaki-dəri-meyxanəyiz şamü səhər, Irtifa’i-qədr üçün babi-səadət bəkləriz.
Ciffeyi-dünya degil kərkəs kimi mətlubumuz, Bir bölük ənqaləriz, Qafi-qənaət bəkləriz.
Xab görməz çeşmimiz əndişeyi-əğyardən, Pasibanuz, gənci-əsrari-məhəbbət bəkləriz.
Surəti-divar edibdir heyrəti-eşqin bizi, Qeyr seyri-bağ edər biz künci-möhnət bəkləriz.
Karivani-rahi-təcridiz xətər xofin çəkib, Gah Məcnun, gah mən dövr içrə növbət bəkləriz.
Sanmanız kim, gecələr bihudədir fəryadımız, Mülki-eşq içrə həsari-istiqamət bəkləriz.
Yatdılar Fərhadü Məcnun məsti-cami-eşq olub, Ey Füzuli, biz olar yatdıqca söhbət bəkləriz.
Lüğət: Kərkəs – quzğun; Əsrar – sirrlər, gizli sözlər; İstiqamət – möhkəmlik, düzlük, hərəkət yolu