Əsas məzmuna keç

Qəzəl

Nə xoşdur bir zaman bir dilbərin eşqində zar olmaq

Seyid Əzim Şirvani

1

Nə xoşdur bir zaman bir dilbərin eşqində zar olmaq, Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq.

Diyari-hicrdə seylabi-dərdü qəm hücumundan, Zəlilü zarü bimiqdarü xarü xaksar olmaq.

Eşitmək gündə yüz min sərzənişlər dustü düşməndən, Nəzərlərdən düşüb göz yaşıtək bietibar olmaq.

İraqdan yarını görcək əsib könlü, qaçıb rəngi, Qalıb surət kimi, dildən düşüb biixtiyar olmaq.

Yetib nagəh visalə, kamə yetmək çərxi-kəcrövdən, Dolanıb başına şayəsteyi-busü kənar olmaq.

Hücumi-şövqdən zülfü kimi öpmək yanağından, Gəhi dişlib ləbindən, gəh ləbitək zəxmdar olmaq.

Vüfuri-şövqdən əzbəs qılıb bu növ çox işlər, Ədəb nagah olub qalib o işdən şərmsar olmaq.

Dönüb öz üzqəralıq üzrün etmək ol siyəhmudən, Günahın keçmək üçün ilticası səd həzar olmaq.

Yetib Seyyid kimi vəslə, genə əğyar zülmündən Düşüb dərdü-fəraqə vəslinə ümmidvar olmaq.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.