Nə xoşdur arizin dövründə zülfi-ənbərəfşanın
Nə xoşdur arizin dövründə zülfi-ənbərəfşanın, Bu dövranda nə xoş cəm’iyyəti var ol pərişanın.
Rüxün dövründə bir divanədir sevdalı zülfün kim, Pərişanlıqdan olmuş mən kimi, məşhuri dövranın.
Həvadən kakilindir təprənən, ya rişteyi-candır Ki, hər dəm cizginib başinə istər ola qurbanın.
Müsəlsəl zülfi-mişkinindən artırmış rüxün rövnəq, Zəhi sünbül ki, olmuş zivəri gülbərgi-xəndanın.
Qararıbdır tütün tək ruzgarım ol zamandan kim, Tənim xaşakinə odlar urubdur bərqi-hicranın.
Işimdir sayə tək yerdən-yerə üz urmaq ol gündən Ki, başımdan gedibdir sayeyi-sərvi-xuramanın.
Füzulini ayaqdan saldı bari-möhnəti-eşqin, Neçün tutmazsan, ey kafər, əlini bir müsəlmanın?
Lüğət: Ariz – yanaq; başvermə, meydana çıxmaq; şikayətçi; Zəhi – nə xoş, nə gözəl; Zivər – bəzək; Bərqi – lame’ – ildırım