Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı!
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı! Nə də bu aləm əra dil müqəyyədi-qəm olaydı!
Nə hicr atəşinə odlanıb yanardı dilim ki, Nə eşqin içrə könül boylə şadü xürrəm olaydı!
Nə sərv qəddin olaydı, nə həsrətinlə gözüm kur, Nə ruzgari-fəraqində qamətim xəm olaydı!
Nə bəhr olaydı, nə ümman, nə boylə göz yaşı cari, Nə gül üzündə, ilahi, bu növ şəbnəm olaydı!
Nə gül olaydı, nə gülzari-gülşənin dəxi seyri, Nə xari-möhnəti-bülbül, səninlə möhkəm olaydı!
Nə Misr olaydı, nə Kənan, nə Həzrəti-Yəqub, Nə xar olub qəmi-hicranda, qərqi-matəm olaydı!
Nə çah olaydı, nə zindan, nə karvan güzəri, Nə Yusifi bu bəlada görən bir adəm olaydı!
Nə bəzm olaydı, nə bazari-Yusif əhvalı, Nə rəhgüzərdə Züleyxa qəmlə həmdəm olaydı!
Nə ah olaydı, nə əfsus, nə parə-parə könül, Nə Natəvanın, ilahi, həvəsi dərhəm olaydı!
Lüğət: Müqəyyəd – asılan, bağlı; Hicr – ayrılıq; Çah – quyu; Natəvan – qüvvəsiz, halsız, köməksiz; Dərhəm – pozulmuş