Nə insansan, sən ey can kim, cəmalın həqqə məzhərdir
Nə insansan, sən ey can kim, cəmalın həqqə məzhərdir, Qaşınlan qamətin şəkli mana mehrabü mənbərdir.
Sən ey türki-pəri dilbər, əcaib sün’i-yəzdansan, Görəldən bərlü rüxsarın sözüm Allahü əkbərdir.
Könül səhrayi-hicranda diləməz nafeyi-ahu, Ayağın toprağı, cana, mana çün müşkü ənbərdir.
Nə bürcün kövkəbisən sən, əya mehri-cəhan ta kim, Camalın afitabından iki aləm münəvvərdir.
Bu gün ixlasü sidq ilə Xətayi valeh olmuşdur Ki, yüzü şəm’i-ənvari, saçı anın müənbərdir.
Lüğət: Məzhər – təzahür, yetişmə; Mehrab – məsciddə qiblənin istiqamətini göstərən dairəvi yer; Mehr – günəş; Münəvvər – işıqlı; İxlas – sevgi, səmimiyyət; Müənbər – ətirli