Əsas məzmuna keç

Qəzəl

Nə etdim bilmirəm yarə ki, küsdü nazlı yar məndən

Məhəmməd Füzuli

1

Nə etdim bilmirəm yarə ki, küsdü nazlı yar məndən, Gözündən düşmüşəm yarın, kəsibdir etibar məndən.

Xəbərdar etdilər yoxsa onu xak olduğumdan ki, Tutubdur qəlbinin ayinəsi bunca qübar məndən.

Batırmam xari-müjganı nigarın gül ayağına, Nədən bəs oldu rəncidə yenə ol gülüzar məndən?

Çatılmış qaşları yarın, deyildir hiddəti bica, Güman ki, baş verib bir bəd əməl biixtiyar məndən.

Su tək qəm-qüssədən daim axıb torpağa baş vurram Ki, sərvim döndəribdir üz, qalıb böylə kənar məndən.

Ölüb getdim, nigarı şərhi-qəmlə etmədim rüsva, Diri olsaydı gər Məcnun, olardı şərmsar məndən.

Füzuli, oldum ol məhparəsiz aləmdə sərgərdan, Nə istər, bilmirəm axır, bu dövri-ruzigar məndən.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.