Əsas məzmuna keç

Qəzəl

Mülki-hüsnün böylə zalim padişahi olmağıl

Məhəmməd Füzuli

1

Mülki-hüsnün böylə zalim padişahi olmağıl Kim, sana zalim desə adil, güvahi olmağıl.

Qəmzə tiğin çəkmə hər saət könül yəğmasinə, Hökmə tabe’, mülkə qarətgər sipahi olmağıl.

Ahını, ey mah, üşşaqin yetirmə göglərə, Dərd əhlinin nişani-tiri-ahi olmağıl.

Gər dilərsən şəm’ tək qeyrət oduna yanmayım, Şamlər əğyar şəm’i-bəzmgahi olmağıl.

Adət etmək xoş degil bidadə, rəhm et, Tanrıçün, Gah olsan maili-bidad, gahi olmağıl.

Aşiqi rusva görüb, mən’ etmə, ey naseh, məni, Münkiri-asari-təqdiri-ilahi olmağıl.

Ey Füzuli, eyləmə, taət riyayi, tərkin et, Tövbə qıl minbə’d, məşğuli-mənahi olmağıl.

Lüğət: Sipah – ordu, qoşun; Təqdir – əvvəlcədən qərara alınmış; Mənahi – qadağan edilmiş işlər, bəyənilməyən şeylər

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.