Müjəm sərçeşmələr mənzil qılan aşüftə məcnundur
Müjəm sərçeşmələr mənzil qılan aşüftə məcnundur, Anınçun bəsteyi-zənciri-seyli-əşki-gülgundur.
Səvadi-nöqteyi-girdabə bənzər mərdümi-çeşmim Ki, daim qərqeyi-girdabi-çeşmi-əşki-pürxundur.
Eşit dərdi-dilim, əfsaneyi-Məcnunə meyl etmə Kim, ol əfsanədən həm anlanan mütləq bu məzmundur.
Fərəhbəxşi-dili-mə’şuq olur şərhi-qəmi-aşiq, Sürudi-bəzmi-Şirin naleyi-Fərhadi-məhzundur.
Kəməndi-çini-zülfün vəhmi getməz zar könlümdən, Mənə ol rişteyi əjdər qılan bilmən nə əfsundur.
Xəmidə qamətim kim, daği-dildən qanə qərq olmuş, Içində nöqtəsi guya ki, qan altındakı nundur.
Füzuli, vermədi tə’n oxları göz yaşinə təskin, Önün bənd etmək olmaz xarü xaşak ilə, Ceyhundur.
Lüğət: Aşüftə – pərişan, dağınıq, özünü itirmiş, qarıxmış; Gülgun – gül rəngli, gül üzlü; Mərdüm – göz giləsi; xalq, camaat; Sürud – nəğmə, oxumaq, melodiya; Bəzm – qonaqlıq, kef məclisi; Xəmidə – əyilmiş; Xaşak – çör-çöp