Əsas məzmuna keç

Qəzəl

Müənbər sünbülün, şaha, güli-siraba pürçindir

İmadəddin Nəsimi

1

Müənbər sünbülün, şaha, güli-siraba pürçindir, Məazallah, xəta qıldım, nə pürçin, nafeyi-Çindir.

Xətadır Çinə həml etmək müənbər zülfünü, billah Ki, hər bir qılı saçının həzaran Çinü Maçindir.

Dəhanından xəbər verdi rəvanpərvər sözün, amma Bilinməz nəsnədən kimsə inanmaz kim, xəbər çindir.

Sən ol sultani-xubansan bu gün aləmdə, ey dilbər Ki, qultək cümlə sultanlar sana şahinü laçindir.

Müdəvvər nöqteyi-xalın gözümdən bir nəfəs getməz, Məgər kim, şol qara bənlər gözümdə nəqşi-pürçindir.

Rüxün üzrə bənin şahanə hindudur, əcəb, yarəb, Yalançı oğrumu, yaxud Irəm bağında gülçindir?

Göyərçintək şikar etdi məni ol nərgisi-fəttan, Yavuz gözdən iraq olsun ki, xoş türkanə laçindir.

Məhi-tabana, ya mehrə səni bənzətməsəm, neyçün Ki, hüsnün xirmənində gün məh ilə sünbüləçindir.

Gözümdən gərçi dilkəşdir saçının şivəsi, amma Nəsimiyi bu sevdaya buraxan şol moğolçindir.

Lüğət: Həzaran – Yüzlərlə; Nəsnə – Bir şey; Şol – O; Sevda – 1. Öd. 2. Məhəbbət

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.