Mövsimi qış getdi, dövri novbahar oldu yenə
Mövsimi qış getdi, dövri novbahar oldu yenə, Məclisi-gəştə əcaib ruzigar oldu yenə.
Saqiya, vəqti-tərəbdir, əldə dutgil cami mey. Kim, bənövşə məst olub nərgiz xumar oldu yenə.
Mövsimi-gül gəldivü gülşən bəzəndi bəzm içün, Bağü səhra cümlə yeksər laləzar oldu yenə.
Gəldi novruzü bəharü əhdü dövri-dustkam, Yar əli tək yer yüzü nəqşi-nigar oldu yenə.
Əbri-neysan cuşə gəldi, tökdü rəhmət yağmurun, Gög yüzündən yer yüzünə dür nisar oldu yenə.
Bağçaya seyranə çıxdı gəşt içün ol gülstan, Gül xəcalətdən qızardı, şərmsar oldu yenə.
Qamətinlən bəhs edirdi daima ol sərvi-bağ, Gör xəcalətdən ona mənzil kənar oldu yenə.
Gül yüzüni görəli artdı fəğanı quşların, Lal ikən bülbüllərin sövti həzar oldu yenə.
Ey Xətayi, şad olub beytül-həzəndən çıx bu gün, Bağü bağça suyinə vəqti-güzar oldu yenə.
Lüğət: Tərəb – şadlıq, sevinc; Bəzm – kef məclisi; Bəha – qiymət, dəyər; Nəqşi – üzar – üzün nəqşi; Nigar – sevgili, bəzəkli; Əbri – neysan – yağmurlu bulud; Nisar – saçma, dağıtma; Gəşt – gəzinti, gəzmə; Şərmsar – utancaq; Sövt – səs