Əsas məzmuna keç

Qəzəl

Mişkin saçın səvadına mişki-Xəta derəm

İmadəddin Nəsimi

1

Mişkin saçın səvadına mişki-Xəta derəm, Mişki-Xəta nə nəsnədir, anı xəta derəm.

Ol həqqi tanıyan ki, üzün Kə’bədir demiş, Mə’nidə hacı oldurur, əhli-səfa derəm.

Eşqin bəladurur deyənə e’tiqad ilə Həqdən həmişə başına gəlsin bəla derəm.

Sənsiz mühibbi-sadiqə nazü nəimi-xüld, Dərdü əzabü möhnətü rəncü əna derəm.

Cami-cahannüma dedilər üzünə, vəli Həqdən mən anı ayineyi-həqnüma derəm.

Yoxdur vəfası zərrəcə könlümdə dünyanın, Ol bivəfaya anın üçün bivəfa derəm.

Könlün mənə nə dürlü cəfa kim, dilərsə qıl, Səndən gələn cəfaya xaçan mən cəfa derəm.

Dərdin dəvasın etməgil, ey münkir, əbsəm ol, Şol mə’nidən ki, dərdinə yoxdur dəva derəm.

Ey rənci-eşqə düşmə deyən, doğru aşiqə, Ol rəncə düşməsin ki, ana mən şəfa derəm?

Ol ömrü ki, vüsalın ilə keçmədi müdam, Keçmiş həvavü hərzəyə, badü həva derəm.

Hər kim irişdi həqqə Nəsimi kimi yəqin Anı cahanda mən yar ilə aşina derəm.

Lüğət: Nəsnə – Bir şey; Xüld – Əbədiyyət, ölməzlik; Rənc – Əziyyət; Cami – müsəffa – Saf şərab; Münkir – İnkar edən; Əbsəm – Lal; Şol – O; Aşina – Tanış, dost

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.