Əsas məzmuna keç

Qəzəl

Mey peyapey sunma, saqi, qılma layə’qil məni

Məhəmməd Füzuli

1

Mey peyapey sunma, saqi, qılma layə’qil məni, Etmə bir dəm dövləti-didardən qafil məni.

Zəhri-qəhrin içmədən var isə qəsdin, qətlim et, Abi-heyvan içsəm öldürmək olur müşkil məni.

Ar qətlimdən sənə, mən təşnə abi-tiğinə, Öldürər həsrət gər öldürməzsən, ey qatil, məni.

Mən sənə heyranü məndən qeyri səndən bixəbər, Şükr ona kim, eşqinə qılmış haman qabil məni.

Ey xoş ol sərməstlik vəqti ki, rəf’ olub hicab, Zövqi-mey biixtiyar eylər sənə mail məni.

Dönə-dönə lə’li-meygunin öpər, ey qönçələb, Qılmasınmı rəşki-cami-badə xunindil məni.

Zövq nöqsani bir afətdir mənə, ey piri-deyr! Qoyma naqis, bir neçə cam ilə qıl kamil məni.

Qurtulum qəmdən, derəm, kuyində, əmma bilməzəm, Qurtararmı bəhri-qəm mövcündən ol sahil məni.

Ey Füzuli, dövləti-baqi fənadəndir mənə Kim, fənadır eyləyən məqsudimə vasil məni.

Lüğət: Rəşk – həsəd, qısqanmaq; Baqi – əbədi, daimi, həmişəlik; artıq qalan

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.