Mətləi-hüsnün, ey sənəm, məzhəri-layəzalidir
Mətləi-hüsnün, ey sənəm, məzhəri-layəzalidir, Cümleyi-kainat onun pərtövünün zülalıdır.
Baxdı cahana bir nəzər şahidi-laşərikə-ləh, Çöhrəyi qıldı vasitə, mütləq onun vüsalıdır.
Surətə düzdü mə’niyi-leysə kəmislihi, dedi: Surəti mə’ni eyləyən qüdrəti-pürkamalıdır.
Cilvə qılıb camalını, xublara höccət eylədi, Sün’ünə qıl müşahidə, gör nə əyan camalıdır.
Baxsa olur müayinə yüzünə bihicab, anın Çöhrəsinin təfərrücü ne’məti-layəzalidir.
Axirətin mətainə müştəri olma, istəmə Hər nə ki, anda var isə, cümlə bunun misalıdır.
Şükr ilaha eylərəm dəmbədəm, ey Nəsimi, kim, Gör bu camalı la tühəb, rəhməti-zülcəlalidir.
Lüğət: Layəzal – Ölməz, əbədi; Şahid – Gözəl, sevimli; Təfərrüc – Əyləncə