Əsas məzmuna keç

Qəzəl

Mərhəba, ey bəhri-zatın gövhəri-yekdanəsi

İmadəddin Nəsimi

1

Mərhəba, ey bəhri-zatın gövhəri-yekdanəsi, Şəm’i-vəhdətdir cəmalın, kün-fəkan pərvanəsi.

Ta əbəd hüsnün önündə səcdeyi-şükr eylərəm, Ey cəmalın Kə’bə, sənsən küntə-kənzin xanəsi!

Hər ki, qəvvas oldu bildi vəhdətin bəhrində kim, Aləmin cismi sədəfdir, sənisən dürdanəsi.

Ey mana, mişkin saçından könlünü qurtar, deyən Qanğı qafildir, səlasildən çözər divanəsi.

Çünki viran könlüm, ey can, məskən oldu eşqinə, Istəməz ayruğ imarət könlümün viranəsi.

Dilbərin lə’li əzəl bəzmində içirmiş mana Şol meyi kim, nöh fələkdir kəmtərin peymanəsi.

Gözləri sevda meyindən aləmi məst eylədi, Gör nə meydan əsrimişdir nərgisi-məstanəsi.

Ey bu şeyda könlümün halın soran hər dəm mana, Dərdini bildirməz ol, eşqin oduna yanəsi.

Canımı şükranə verdim şol nigarın vəslinə, Düşmədi layiq, diriğa, vəslinin şükranəsi.

Zahidin əfsanəsin qo, söylə eşqin halını, Aşiqin səm’inə sığmaz zahidin əfsanəsi.

Mö’minin Kə’bə yeridir, kafirin bütxanələr, Aşiqin dost eşigidir Kə’bəvü bütxanəsi.

Buldu lə’lindən Nəsimi nəfxeyi-ruhülqüdüs, Ey Nəsiminin həyatı, canımın cananəsi.

Lüğət: Bəhr – Dəniz; Kənz – Xəzinə; Qanğı – Hansı; Səlasil – Zəncirlər; Şol – O; Sevda – 1. Öd. 2. Məhəbbət; Diriğ – Heyif, əfsus

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.