Mənləsən, ah, mənə, heyf, deyilsən mail
Mənləsən, ah, mənə, heyf, deyilsən mail, Olmusan dildə ikən dəri-dilimdən qafil.
Mənə cövr eyləməyə mail olubsan hər an, Çox şadam, barı belə məqsədə ollam nail.
Çox məharətlisən aşiqləri öldürmək ilə, Uşaq olsan da, deyilsən bu işində cahil.
Sənlə ümmid ağacım tapmadı heç nəşvü nüma, Görünür, nur yaratmış səni, nə ab ilə gil.
Nazəninlər hamıya lütf eləyər, bəs nə üçün Böylə bir dövlətə sən, söylə, deyilsən qabil?
Ey iqamət eyləyən böylə cahan mülkündə, Bilməyirsən nə bəlalər törədir bu mənzil.
Ey Füzuli, mənə Məcnun deyə, töhmət vurma, Nə deyim mən sənə, çün sən də deyilsən aqil.