Əsas məzmuna keç

Qəzəl

Mənim rəhbanımü deyrim, səlibim, dinim, imanım

İmadəddin Nəsimi

1

Mənim rəhbanımü deyrim, səlibim, dinim, imanım, Həbibim, rahətim, ruhim, rəfiqim, munisim, canım.

Nurumsan, zülmətim, narım, şəbimsən, rövşənim, şəm’im, Münəvvər nurumü hurim, nəimü xüldü rizvanım.

Təbibim, şərbətim, dürdüm, nabatım, şəkkərim, qəndim, Əlacım, mərhəmim, çarəm, Calunis ilə Loğmanım.

Bənbövşəm, sünbülüm, vərdim, rəyahin, zanbağım, laləm, Əbirim, ənbərim, udum, gülüm, qönçəm, gülüstanım.

Kitabım, müshəfim, dərsim, hədisim, əbcədim, lövhüm, Səlatım, taətim, zöhdüm, savabım, həccü ərkanım.

Rəmimü gorumü cismim, dü eynim, fikrimü əqlim, Amanım, adətim, fitnəm, təbiət ünsürü qanım.

Nəsimi çün səni buldu, kəsildi cümlə varından, Hamudan sevgilim sənsən, mənim sərvi-xuramanım.

Lüğət: Deyr – Monastır, hücrə; Səlib – Xaç; Həbib – Dost, sevgili; Munis – Yaxın dost; Rövşən – İşıqlı; Münəvvər – Nurlu; Xüld – Əbədiyyət, ölməzlik; Rizvan – Cənnət; Vərd – Qızılgül; Müshəf – Kitab; Səlat – Birləşmə, əlaqə; Dua; Taət – Din və dünya qaydalarına itaət etmə; Zöhd – Asketizm

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.