Məni hər kim edib ol mahliqadən məhrum
Məni hər kim edib ol mahliqadən məhrum, Görüm olsun onu əltafi-xudadən məhrum.
Qönçeyi-dil nə vəsaitlə güşayiş tapsın, Gülşəni-eyşim olub badi-səbadən məhrum.
Qoydu suzan, edib ol saiqeyi-hüsnü cəmal Nəxli-ümmidimizi nəşvü nəmadən məhrum.
Tutmayan aləm ara piri-müğan damənini, Vadiyi-qəmdə qalır rahnümadən məhrum.
Sındı səndən, dəxi dil naləvü fəryad etməz, Çini olmazmı şikəst, olsa sədadən məhrum?
Gəlmişəm kuyüvə yüz səy ilə can vermək üçün, Məni qaytarma, Xəlilim, bu Minadən məhrum.
Qədrini bilməsən ol Kəbeyi-hüsnün, Seyyid, Eyləsin həq səni aləmdə səfadən məhrum.