Məni etdi bu gün heyran, gözəl bir can tamaşası
Məni etdi bu gün heyran, gözəl bir can tamaşası, Baxışla can alan, bir ahu göz canan tamaşası,
Həmişə rəsmdir səyyadə, seyd olmaqdadır ceyran, Məni seyyadvəş seyd etdi, ol ceyran tamaşası.
Belə məstü xumar etdi məni, qıyqac baxan gözlər, Neçə ki, bülbülü eylər gülü-xəndan tamaşası.
Gülə baxma deyənlər, eşqdən məhrum olanlardır, Nə lazımdır o göz ki, eyləməz xuban tamaşası.
Dəyib kiprikləri ox tək keçəndə qəlbi-zarımdan, Yığıldı başıma xəlq etməyə sel-qan tamaşası.
Dedim bas yarəmə zülfün, apardı qan məni rəhm et, Dedi anə (ona) ləbi-ləlimdədir, dərman, tamaşası.
Kaman qaşlarını gördüm ki, çəkmiş qətlimə xəncər, Sevindim, çün sevər məşuqələr qurban tamaşası.
Keçib ömrün Şəfai, əlli beşdən bu nə sevdadır, Edib yoxsa səni heyran Azərbaycan tamaşası.