Əsas məzmuna keç

Qəzəl

Məni candan usandırdı, cəfadən yar usanmazmı?

Məhəmməd Füzuli

1

Məni candan usandırdı, cəfadən yar usanmazmı? Fələklər yandı ahimdən, muradım şəm’i yanmazmı?

Qamu bimarinə canan dəvayi-dərd edər ehsan, Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən, Desəm, ol bivəfa bilmən, inanarmı, inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım, Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?

Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su, Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

Degildim mən sənə mail, sən etdin əqlimi zail, Mənə tə’n eyləyən qafil səni görgəc utanmazmı?

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır, Sorun kim, bu nə sevdadır, bu sevdadən usanmazmı?

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.