Əsas məzmuna keç

Qəzəl

Mənəm bir tən, vəleykin can anındır

Şah İsmayıl Xətai

1

Mənəm bir tən, vəleykin can anındır, Ki, hər kim can qıyar, canan anındır.

Təbibimdir mənim, ruhum, rəvanım, Zəifəm, xəstəyəm, dərman anındır.

Eşigində onun mən bir gədayəm, Nə kim lütf eyləsə, ehsan anındır.

Səadət bürcinin dilxahi oldur, Yer ilə gögü həm Keyvan anındır.

Ləbin yanında xəttin Xızra bənzər, Kənari-çeşmeyi-heyvan anındır.

Səni-zülfü ləbi-lə’lini gördüm, Təmami Türkü Hindistan anındır.

Səri sevmən deyənlər kafər oldu, Yüzüni kim sevər, iman anındır.

Məgər məşşatə zülfin şanə qılmış, Bu gələn nikhəti-reyhan anındır.

Xətavü Misr ilən Çinü Xorasan, İraqü Fərs, həm Kirman anındır.

Başın top edə gör canan yolunda, Çalınsın top çün çövkan anındır.

Xətayi, can fəda şol yarə qıl kim, Cəhanü cümlə cismü can anındır.

Lüğət: Tən – bədən; Rəvan – həyat, diri, axan, gedən, ruh, can; Keyvan – Zühəl ulduzu, Saturn ulduzu; Xətt – yanaq, yazı; Çeşmeyi – heyvan – dirilik bulağı; Məşşatə – zinət verən, gəlini bəzəyən qadın; Şanə – daraq; Şol – o

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.