Mənə rəhm eyləyib gəldin, rəva gördün sitəm, getdin
Mənə rəhm eyləyib gəldin, rəva gördün sitəm, getdin, Gəlib bihuş qıldın, huşə gəldim, ey sənəm, getdin.
Təbib olsan da dərd əhlinə, dərdin yoxdur aləmdə, Odur qoydun mənim qəlbimdə min dərdü ələm, getdin.
Məgər mən şəm idim, sən od ki, canlandım vüsalınla, Təəssüf ki, məni başdan-başa yaxdın, o dəm getdin.
Xilas etdin bizi rüsvay edən sərgəştəlikdən sən, Əsiri-eşqin olduq, boynumuzda qeydi-qəm, getdin.
Yanında yarımın yox qiymətin, ey qanlı göz yaşım, Gözündən düşdün, əzbəs guyinə sən dəmbədəm getdin.
Pərişan ruzigar etdin məni axırda, ey könlüm, O qıvrım zülfə sarı, səhv qıldın, bir qədəm getdin.
Behişt hurilərinə, ey Füzuli, töhfə bir güldün, Əcəb oldu, sənə dağ çəkdi ol ziba sənəm, getdin.