Mənə mehman idi ol sərvi-xuraman bu gecə
Mənə mehman idi ol sərvi-xuraman bu gecə, Məhfilim olmuş idi rəşki-gülüstan bu gecə.
Həmdəmim hur idi, camımda şərabım Kövsər, Mənzil olmuşdu mənə rövzeyi-rizvan bu gecə.
Zülməti-zülfdə gördüm dəhəni-yarı genə, Xızra əl vermiş idi çeşmeyi-heyvan bu gecə.
Nisfi-şəbdə mənə həmbəzm idi ol qaşı hilal, Bəzmdə durmuş idi san məhi-taban bu gecə.
Dəhəni-yar xəyalilə yox idi varım, Var idi bəzmdə çox nükteyi-pinhan bu gecə.
Ləhni-Davudi ilə könlümü aldı ol şux, İltifat etmiş idi murə Süleyman bu gecə.
O meyin qətrəsi yüz ləli-Bədəxşanə dəgər Ki, dəgərdi ona hərdəm ləbi-canan bu gecə.
Seyyid, ol Kəbeyi-hüsn ilə ki, oldum həmdəm, Kaş olaydım, dolanıb başına, qurban bu gecə.