Məndən üzün yaşırma kim, səcdəgahım oldur
Məndən üzün yaşırma kim, səcdəgahım oldur, Seyr edərəm bu çərxi, xurşidü mahım oldur.
Hüsnün çırağın, ey can, pərvanə kimi keçdim, Tarik içində rövşən göründü, rahım oldur.
Pərhiz edərmi aşiq, ey eşqə münkir olan, Dersəm ki, tərkini ur, mənim çü şahım oldur.
Kirpiklərinlə qaşın olmuşdur ismi-ə’zəm, Divdən dəxi nə qorxu, çünkim, pənahım oldur.
Həq də’vidən şəhadət istərlər isə məndən, Mən onu bulmuşam kim, yenə güvahım oldur.
Ey dünyanın rəisi, mənə həqir baxma, Mən necə müflis olum, çün izzü cahım oldur.
Sən məndən olma qafil, istə ki, ta biləsən, Anı ki, tanımışsan, fəzli-ilahım oldur.
Nəsimiyəm ki, düşdüm üzün gülündən ayrı, Bülbül kimi çəməndə fəryadü ahım oldur.
Lüğət: Xurşid – Günəş; Tarik – Qaranlıq; Rövşən – İşıqlı; Münkir – İnkar edən; Güvah – Şahid