Əsas məzmuna keç

Qəzəl

Məndə Məcnundan füzun aşiqlik iste’dadı var

Məhəmməd Füzuli

1

Məndə Məcnundan füzun aşiqlik iste’dadı var, Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.

Nola qan tökməkdə mahir olsa çeşmim mərdümi, Nütfeyi-qabildürür, qəmzən kimi ustadı var.

Qıl təfaxür kim, sənin həm var mən tək aşiqin, Leylinin Məcnunu, Şirinin əgər Fərhadı var.

Əhli-təmkinəm, məni bənzətmə, ey gül, bülbülə, Dərdə yox səbri onun, hər ləhzə min fəryadı var.

Öylə bədhaləm kim, əhvalım görəndə şad olur, Hər kimin kim, dövr cövründən dili-naşadı var.

Gəzmə, ey könlüm quşu, qafil fəzayi-eşqdə Kim, bu səhranın güzərgəhlərdə çox səyyadı var.

Ey Füzuli, eşq mən’in qılma nasehdən qəbul, Əql tədbiridir ol, sanma ki, bir bünyadı var.

Lüğət: Füzun – artıq. G; Mərdüm – göz giləsi; xalq, camaat; Təfaxür – fəxr etmə, öyünmə

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.