Əsas məzmuna keç

Qəzəl

Mən mülki-cahan, cahan mənəm mən

İmadəddin Nəsimi

1

Mən mülki-cahan, cahan mənəm mən! Mən həqqə məkan, məkan mənəm mən!

Mən ərş ilə fərşü kafü nunam, Mən şərhü bəyan, bəyan mənəm mən!

Mən kövnü məkanü kün-fəkanam, Bilgil ki, nişan, nişan mənəm mən!

Mən surəti-mə’nidə həqəm həq, Mən həqqi-əyan, əyan mənəm mən!

Bir gövhərəmü qədim əzəldən, Ey gövhəri-kan, kan mənəm mən!

Mən atəşi-nuri-eşqi-həqqəm, Musaya zəban, zəban mənəm mən!

Mən cümlə cahanü kainatam, Mən dəhrü zaman, zaman mənəm mən!

Mən ayəti-müshəfü kitabam, Ey nöqtədəhan, dəhan mənəm mən!

Mən qövs ilə həm kamanü tirəm, Ey tirü kaman, kaman mənəm mən!

Cəmşidi-zamani-aləm oldum, Cəmşidi-zaman, zaman mənəm mən!

Mən nəqşü xəyalü xəttü xalam, Mən hərfü lisan, lisan mənəm mən!

______________________Milli Kitabxana_______________________

Mən gənci-nihani, küntə kənzəm, Mən gənci-nihan, nihan mənəm mən!

Mən zatü sifati-kün-fəkanam, Mən ruh ilə can, can mənəm mən!

Mən kafirə mövt, müsibət oldum, Mö’minə iman, iman mənəm mən!

Mən cənnətü abi-kövsər oldum, Ey səhni-cinan, cinan mənəm mən!

Mən bəhri-mühitü həm giranam, Ey bəhri-giran, giran mənəm mən!

Mən sirrəmü tövhidəm, hədisəm, Həm qeybü güman, güman mənəm mən!

İnsanü bəşərsən, ey Nəsimi, Həq der ki, haman, haman mənəm mən!

______________________Milli Kitabxana_______________________

Lüğət: Zəban – Dil; Müshəf – Kitab; Dəhan – Ağız; Lisan – Dil; Gənc – Xəzinə; Bəhr – Dəniz

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.