Əsas məzmuna keç

Qəzəl

Mən eylə bilirdim ki, mənə yar olacaqsan

Seyid Əzim Şirvani

1

Mən eylə bilirdim ki, mənə yar olacaqsan, Aləmdə mənə yari-vəfadar olacaqsan.

Man eylə xəyal etmiş idim ey güli-rəna, Sərbəstə olan qəmlərə qəmxar olacaqsan.

Əvvəl eləyib mehrü məhəbbət mənə, axır Məndən, nə bilim ki, belə bizar olacaqsan.

Rövşən elədim şəmi-cəmalın, nə bilim ki, Əğyarə-gedib şəmi-şəbi-tar olacaqsan.

Dil verməz idim mən sənə, ey yari-dilazar, Bilsəydim əgər beylə dilazar olacaqsan.

Sərməst meyi-hüsnü səfasən hələ, ey gül, Ol vəqt ki, hüsnün gedə huşyar olacaqsan.

Məğrursən, ey gül, xəbərin yoxdur özündən, Əyyami-xəzan gəlsə xəbərdar olacaqsan.

Bir vəqt olacaqdır ki, sən, ey Yusifi-sani, Üşşaqi-siyəhbəxtə xəridar olacaqsan

Xar eylədi ol gül səni əğyar yanında, Seyyid, hələ bundan dəxi sən xar olacaqsan.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.