Əsas məzmuna keç

Qəzəl

Mehri-rüxsarüvi dil mahi-səmadən seçməz

Seyid Əzim Şirvani

1

Mehri-rüxsarüvi dil mahi-səmadən seçməz, Etibarı yox onun, ağı qəradən seçməz.

Nə hünərdir ki, tanır xublər içrə səni dil Hansı bir kəsdir o kim, şahı gədadən seçməz

Ey ləbin aşiqə külqənd, gözün bimarı Mövtə müşrifdi, dəxi dərdi dəvadən seçməz.

Bəski dil aşiqi-göftari-şəkərbarındır, İstəyir nitqüvi, düşnamı duadən seçməz.

Dili divanəni zəncirə çəkərsən yeri var, Ətri-zülfün nə üçün müşki-Xətadən seçməz.

Sən nə bütsən ki, əya Kəbeyi-ərbabi-səfa, Mərveyi-kuyüvi hüccac Səfadən seçməz.

Demə Seyyid, ki vəfa tərkin edib qıldı cəfa, Tifldir yar, hələ zülmu vəfadən seçməz.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.