Əsas məzmuna keç

Qəzəl

Məhi-dəllakim olub ayineyi-əhli-nəzər

Məhəmməd Füzuli

1

Məhi-dəllakim olub ayineyi-əhli-nəzər, Seyd edir ayinə tək hər kəs ona baxsa əgər.

Vəslinə yetmək üçün ülgücünün aşiqlər Axıdıb göz yaşı, əndamı olub tük kimi tər.

Qəmzəsindən hamının qəlbi qan olmuş necə gör, Qəmzəsi hər damara vurmuş onun bir nəştər.

Daşı bir əldə tutur, ülgücü bir əldə müdam, Uddurur aşiqinin cövri ilə xuni-ciyər.

Payimal oldu onun ülgücünün zülmündən, Bədəni aşiqinin, qalmadı ondan bir əsər.

Qüssəsindən fələyin çərxinə ahim yetişib, Bu da bir qəm ki, qəmimdən yenə tutmur o xəbər.

Bir daraq tək qəm əlindən sinəm olmuş şan-şan, Rəxnə salmış bu könül mülkünə ol qarətgər.

Bağlayıb qəlbim ona rişteyi-mehrin elə kim, Onu cövr ilə cəfa qayçısı zənn etmə kəsər.

Ey Füzuli, o məhin şövqü düşübdür başına, Həzər et, çünki başında görünür xeyli xətər.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.