Əsas məzmuna keç

Qəzəl

Məhəmməd Füzuliyə

Zəlimxan Yaqub

1

Ey Füzuli! Eşqin yenə məclisimə tam gətirib, Nur dolu bir badə süzüb, sevgi dolu cam gətirib.

Muradın şəmi yanmazmı, bu şamı yandırmaq üçün, Beş yüz ildən sonra gəlib, Tanrı özü şam gətirib.

Köhnə sözün, qədim sözün təzələrdən təzə qalıb, Ulu sözün əyyamına yeni bir əyyam gətirib.

Yer üzünün şairləri ətrin ilə gözəlləşib, Bir gülü Şəhriyar dərib, bir gülü Xəyyam gətirib.

Bu gün səni neçə-neçə sevən gəlib, duyan gəlib, Adına salavat çəkib, ruhuna salam gətirib.

Ziyarətə gedən kəslər geyər ehram paltarını, Bizi yenə ziyarətə söz adlı ehram gətirib.

Zəlimxan da eşqin ilə dönüb bu gün Məcnun olub, Dərgahına könül dolu hörmət, ehtiram gətirib.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.