Mana sənsiz cahanü can gərəkməz
Mana sənsiz cahanü can gərəkməz, Vüsalın var ikən hicran gərəkməz.
Ləbi-lə’lin zülal abindən ayru Şərabi-çeşmeyi-heyvan gərəkməz.
Qəmindir könlümün təxtində sultan, Bir iqlimə iki sultan gərəkməz.
Yetər dərdin dəva müştaqə, niçün Ki, dərdin bilənə dərman gərəkməz.
Gülüstanın gülü sənsiz tikandır, Mana sənsiz gülü reyhan gərəkməz.
Gəl, ey aşiqlərin rizvanı – hüsnün Ki, sənsiz aşiqə rizvan gərəkməz.
İki aləmdə didarından özgə, Mana, ey surəti-rəhman, gərəkməz.
Vüsalın şərbətin içən mühibbə Fərağın ağusu çəndan gərəkməz.
Mana səbr eyləmək sənsiz, nigara, Əgər müşkil, əgər asan – gərəkməz.
Əzəldə qılmışam eşqinlə peyman, Bütün peyman, sınıq peyman gərəkməz.
Kəsilməz gərçi vəslindən Nəsimi, Gözündən olduğun pünhan gərəkməz.
Lüğət: Şərabi – nab – Saf şərab; Rizvan – Cənnət; Çəndan – O qədər