Əsas məzmuna keç

Qəzəl

Mana badi-səba ol sərvi-gülrüxdən xəbər verməz

Məhəmməd Füzuli

1

Mana badi-səba ol sərvi-gülrüxdən xəbər verməz, Açılmaz qönçeyi-bəxtim, ümidim nəxli bər verməz.

Töküb göz yaşını sənsiz həlakim istərəm, əmma Əcəl peykinə seyli-əşk girdabi güzər verməz.

Gözümdə məskən et, xari-müjəmdən ehtiraz etmə, Güli-xəndanə sordum, xarə yar olmaq zərər verməz.

Əgər can almaq istərsən, tənimdən oxunu kəsmə Ki, pəjmürdə nihalə verməyincə su səmər verməz.

Qiyas et şəm’dən, vəhm eylə çərxin inqilabından Kim, ol baş almağa qəsd etməyincə taci-zər verməz.

Bəla zimnində rahət olduğun izhar edər xəlqə Fələk, bihudə xari-xüşkdən gülbərgi-tər verməz.

Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan, Sədəf su almayınca əbri-nisandan gühər verməz.

Lüğət: Nəxl – xurma ağacı; Bər – meyvə, yemiş, bəhər; Əşk – göz yaşı; Xüşk – quru; Kam – arzu; damaq, ağız

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.