Ləhzə-ləhzə ləbin anıb edicək əfqanlar
Ləhzə-ləhzə ləbin anıb edicək əfqanlar, Qətrə-qətrə saçılır didələrimdən qanlar.
Qətrə-qətrə demə qandır ki, çıxar çeşmimdən Dəmbədəm könlüm odilə əriyən peykanlar.
Qaşların yayinə meyl eyləyəli canü könül, Dünü gün mən bilirəm kim, nə çəkirlər anlar.
Açma kakil girəhin, başın üçün görmə rəva Ki, pərişan olalar, bir neçə sərgərdanlar.
Yel dəgər zülfünə, ya qoymayıb öz hali ilə, Gəzdirərlər onu əldən-ələ hər dəm canlar.
Eylə üşşaqə cəfalər ki, vəfalər görəsən, Sanma kim, zaye’ olur eylədigin ehsanlar.
Sorma zöhhadə, Füzuli, rəhü rəsmin eşqin, Nə bilirlər rəvişi-əhli-xirəd nadanlar!
Lüğət: Peykan – ox; Xirəd – ağıl