Ləblərin tək lə’lü ləfzin tək düri-şəhvar yox
Ləblərin tək lə’lü ləfzin tək düri-şəhvar yox, Lə’lü gövhər çox, ləbin tək lə’li-gövhərbar yox.
Səndən etmən dad: “cövrün var, lütfün yox” deyib, Məsti-zövqi-şövqünəm, birdir yanımda var, yox.
Kimə izhar eyləyim bilmən, bu pünhan dərdi kim, Var yüz min dərdi-pünhan, qüdrəti-izhar yox.
Dövr sərməsti-şərabi-qəflət etmiş aləmi, Bunca sərməstin təmaşasinə bir hüşyar yox.
Xəlqi mədhuş eyləmiş xabi-şəbi-tuli-əməl, Sübh təhqiqi əlamətinə bir bidar yox.
Surəti zibasənəmlər yox demən bütxanədə, Var çox, əmma sənə bənzər büti-xunxar yox.
Ey Füzuli, səhldir hər qəm ki, qəmxari ola, Qəm budur kim, məndə min qəm var, bir qəmxar yox.