Ləblərin şərbətinə çeşmeyi-heyvan susadı
Ləblərin şərbətinə çeşmeyi-heyvan susadı, Sulu incilərinə təşnə kimi can susadı.
Şəkkərin püsteyi-dəndanına kim susamaya? Sanma kim, yalqız ana püsteyi-xəndan susadı.
Ənbərin sünbülünə badi-səhərgah əsicək, Vəslinə laleyi-sirab ilə reyhan susadı.
Sözünün dadına şirin şəkər oldu təşnə, Nə şəkərdir bu kim, ana şəkəristan susadı?
Cövrü bidad ilə tökdü cigərim qanını yar, Şöylə bənzər ki, cigər qanına canan susadı.
Necə qəhr eyləyəsən, aşiqinə rəhm eylə Ki, sənin rəhmətinə aşiqi-heyran susadı.
Sayru oldum, kərəm et, aşiqini sormağa gəl Ki, könül vəslinə, ey dərdimə dərman, susadı.
Susadım vəslini görməkliyə, ey cani-cahan, Şöylə kim, Yusif üçün Yə’qubi-Kən’an susadı.
Sallanub naz ilə gəlgil ki, mənim didələrim Ayağın tozuna, ey xosrovi-xuban, susadı.
Gül kimi gülə-gülə gəl aradan pərdə götür Ki, üzün görməginə dideyi-giryan susadı.
Dur, Nəsimi, sözünü töhfə üçün bəhrə ilət Kim, anın diqqətinə dürr ilə mərcan susadı.
Lüğət: Bidad – Zülm; Qəhr – Qəzəb; Sayru – Xəstə; Giryan – Ağlar; Dur – Uzaq